Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
İnsan xarakter cəhətdən tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu bir ibadətdir. Ayədə “Rəbbin üçün səbr et” (Muddəssir surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbrdir. Bir ayədə belə buyurulur:
“Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran surəsi, 200)
Bir şeyi unutmayaq ki, səbr ilə “dözüm” anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki bu iki anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Xoşa gəlməyən, ağrı verən çətinliyə dözüm deyilir. Halbuki Quranda nəzərdə tutulan səbr mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın rizasını qazanmaq üçün səbr edir, buna görə də səbrindən ötrü heç bir əzab çəkmir, əksinə mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin “dözüm” olduğu belə ifadə edilmişdir:
“Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir.” (Bəqərə surəsi, 45)
Quranda səbrin möminlər üçün “müjdəli” ibadət olduğu və möminlərin qarşılarına çıxan çətinliklərə qarşı səbr edərkən sahib olduqları ruh halı belə izah edilir:
Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə surəsi, 155-156)
Səbr elə üstün xüsusiyyətdir ki, mömin birliyində böyük güc meydana gətirə bilər. Allah gücün səbrə görə necə dəyişdiyini aşağıdakı ayədə belə açıqlayır:
İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbrli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbr edənlərlədir. (Ənfal surəsi, 66)
Səbr Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən xüsusiyyətdir. Çünki bir insan təvazökar, mərd və fədakar ola bilər. Amma burda incə məqam var: əgər bu xüsusiyyətlərində səbr göstərərsə, bunların dəyəri o zaman olar. Səbr digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edir. Yalnız səbr imanı məqbul edir. Mömin bütün ömrü boyu səbr edir. Həyatının hər günü “Allah üçün səbr et” hökmünə itaət etməklə keçir. Nəticədə isə Allah canını alacaq və onu rizası və cənnəti ilə mükafatlandıracaqdır. Cənnətin qapısındakı mələklər möminlərə belə səslənərlər:
“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 24)