Yeyib içib günah etdim bir ömür,
Dərgahına yalvarmağa gəlmişəm.
Günahla insan haqqdan uzaq düşür,
Haqq yoluna bağlanmağa gəlmişəm.
Cahil idim cəhalətə düşmüşdüm,
Kafir kimi az qalmışdı ölmüşdüm.
Dünya üçün mən Allahdan dönmüşdüm,
Tövbə ilə ucalmağa gəlmişəm.
Bilməz idim bu aləmdə Sən varsan,
Dünənimi bu günümü sorarsan,
Günahkaram Sən eybdən uzaqsan,
Saflığınla saflaşmağa gəlmişəm.
Hamı üçün nazil etdin Quranı,
Dəvət etdin öz yoluna insanı,
Ölüm ilə sən kiçiltdin dünyanı,
Axirəti qazanmağa gəlmişəm.
Haqqim yoxdu çıxam sənin sözündən,
Günahlarla razı idim özümdən,
Kənar oldu şeytan mənim gözümdən,
Qəlb gözünü mən açmağa gəlmişəm.
Sən ey bəndə qürurlanma çox da gəl,
Vacib nədir ona eylə sən əməl.
Halallara haramlara qoy məhəl,
De ki, haqqa qul olmağa gəlmişəm.
Dünya fanidir sən əbədi bilmə,
Allahin yolu ilə gedənə gülmə.
Çarə yox inan ki, qəfil ölümə,
De ki, imtahandı, gedər gəlmişəm.
Gəl Allah əmrini sən icra eylə,
Azan çagırışdır get təzim eylə.
Səsinə ləbbeyk de bir bəli söylə,
De ki, Sənlə barışmağa gəlmişəm.
Fuad sözü çox uzatma yekun ver,
Aqil insan bir kəlmədən qanacaq.
Haqqdan gələn ilham ilə bu şeir,
İnşAllah ki, çox qəlblərə yatacaq.