Ölümün kimi nə vaxt və harada haqlayacağının sirri yalnız bütün canlıları yoxdan yaradan Uca Allaha bəllidir.
Əcəl vaxtı yetişdikdə, heç bir vasitə ilə onun qarşısını almaq mümkün deyil.Əcəl sözünün lüğəvi mənası «əvvəlcədən təyin edilmiş zaman və müddət» deməkdir. Termin kimi insan həyatını, digər canlılar üçün müəyyənləşdirilmiş yaşayış müddətini və bu müddətin sonunu, yəni ölüm anını ifadə edir. Hər fərdin və cəmiyyətin öz əcəli vardır. Əcəl təkdir, Allahın qəza və qədəri ilə gəlir. İnsanları dirildən, ruzi verən və öldürən Allahdır; buna görə əcəli müəyyənləşdirən də Odur: "Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən biz müəyyən etdik...” (Vaqiə, 60).
Quran ayələrindən görünür ki, əcəl nə vaxtından əvvəl gələ bilər, nə də gecikdirilə bilər: "Hər bir ümmətin əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə, (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər” (Əraf, 34; Yunus, 49). "Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır” (Münafiqun, 11).
Öldürülən şəxs də bütün insanlar kimi öz əcəli ilə ölmüşdür. Çünki əcəli müəyyənləşdirən ilahi iradədir. "Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O,(Lövhi-Məhvuzda) vaxtı müəyyən edilmiş bir yazıdır.” (Ali İmran,145). Qatil bir adamı öldürməklə onun əcəlini tezləşdirmiş olmaz. Amma Allahın əmrini pozduğuna görə cəzaya düçar olar: "Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (Ənam, 151).
Beləliklə əcəlimiz hər an yetişə bilər, odur ki, ölümə hər zaman hazır olmalı,əbədi həyat üçün tədarük görülməlidir.